ŞÜŞƏ LİFİ İLƏ MÖHKƏMLƏNDİRİLMİŞ POLİEFİR BORULAR
“Azkompozit” tərəfindən istehsal olunan şüşə lifi ilə möhkəmləndirilmiş poliefir (ŞMP) borular və boru birləşmələri təzyiqli və təzyiqsiz boru xəttlərində istifadəsi nəzərdə tutulan, korroziyaya davamlı boru sistemininin tərkib hissələridir. “Azkompozit” ŞMP boruları spiralvari filament sarğı texnologiyası ilə istehsal olunur. Borunun divar quruluşu qətranla zəngin layner qatından, struktur divarlarından və sərtlik qatından ibarətdir.
Daxili qat – layner yüksək hamarlığa malik səthi və qətranla zəngin tərkibi ilə fiziki və kimyəvi aşınmalara qarşı davamlı çəpər yaradır. Bu qatda tətbiq olunan qətranın yüksək mexaniki və kimyəvi davamlılığa malik olması borunun istər içməli, istərsə də kanalizasiya sularını ən azı 50 il istismar müddətində nəql etməsinə imkan verir.
Struktur divarları sarğı sxeminə uyğun olaraq müxtəlif bucaqlar altında sarınan çoxsaylı radial və spiralvari laylardan ibarətdir. Sarğı bucağı vasitəsi ilə borunun oxboyu və çevrəboyu möhkəmlik parametrləri idarə olunur.
Narın dənəvərli, təmiz kvars qumundan ibarət sərtlik qatı struktur divarlarının arasında tətbiq olunur.
ŞMP kompozit borular içməli su, kommunal və sənaye kanalizasiyası, dəniz sularının nəqli və -40°C - +70°C temperatur şəraitində olan digər aşındırıcı mühitlərdə istifadə üçün yararlı sayılır.
- Nominal diametrlər (DN): 400 - 3000 mm.
- Nominal təzyiq kateqoriyaları (PN): 1-32 bar.
- Nominal sərtlik sinifləri (SN): 2500 – 10000 N/m2 və daha artıq (tələb üzrə).
- Standart boru uzunluğu: 12 m (istənilən uzunluqda borular istehsal etmək mümkündür).
“Azkompozit” ŞMP kompozit boruları AWWA, ASTM, EN, ISO, eləcə də digər sənaye və dövlət standartlarının tələblərini ödəmək şərti ilə istehsal oluna bilər.
KOMPOZİT BORU DN3000
|